İllərdir ki, Rusiyanın texnologiya tənzimləyiciləri "YouTube"un təsir dairəsinə qarşı dişlərini qıcayaraq mübarizə aparırlar. Bu videoplatforma, əsasən, senzurasız xəbərlər, məlumat və əyləncənin əsas mənbəyidir, üstəlik, bir çox rusiyalı inflüenserlər və bloqerlər üçün mühüm gəlir mənbəyidir.
Rəsmilər "Google"a məxsus bu platformanı ləngidərək izləyiciləri bezdirmək məqsədilə videoların yüklənmə sürətini dözülməz dərəcədə azaldıblar. Onlar həmçinin "YouTube"un serverlərini Rusiya ərazisində yerləşdirməsi üçün Silikon vadisi şirkətini təhdid ediblər. Məqsəd isə bu yolla platformanın internet trafikinə daha effektiv nəzarət edə bilməkdir.
Eyni zamanda, hakimiyyət orqanları tənzimləyicilərin tam nəzarətində olacaq yerli alternativ platformalar yaratmağa cəhd göstəriblər.
Bəs bütün bu səylər nə nəticə verir? Ekspertlərin sözlərinə görə, hələ istədikləri nəticəyə çatmayıblar, amma bu, çox yaxındadır.
Uzun illərdir üzərində işlənən bu təşəbbüs Kremlin dəstəklədiyi daha genişmiqyaslı bir kampaniyanın – Rusiyada "idarə olunan" internet qurmaq planının tərkib hissəsidir. Belə internetdə istifadəçilərə yalnız məhdud seçimlər təklif olunur, informasiya azadlığı görüntüsü yaradılır və fəaliyyətləri yaxından izlənilir.
Keçən həftə Rusiya rəsmiləri "Meta"ya məxsus geniş istifadə olunan "WhatsApp" mesajlaşma tətbiqini ölkədə bloklamaq istiqamətində işlədikləri barədə siqnal veriblər.
""YouTube" Rusiyada son dərəcə güclüdür", - Alman Xarici Əlaqələr Şurasının Rusiya interneti üzrə tədqiqatçısı Filipp Ditrix bildirib.
"Bu, hökumət üçün ciddi təhlükədir. Əgər bir platformaya tam nəzarət edə bilirsinizsə –hansı videonun yayımlanacağını, hansının isə yox – bunu müəyyənləşdirə bilirsinizsə, bu, çox böyük üstünlük deməkdir", - o müsahibəsində deyib.
"Onlar əsas oyunçudur"
Milyonlarla rusiyalı videoyayım xidmətlərinə baxır. "YouTube" Rusiyada ən populyar platformadır və bu tendensiya 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başlayandan sonra daha da güclənib.
Ölümündən əvvəl korrupsiyaya qarşı mübarizəsi ilə tanınan müxalifət lideri Aleksey Navalnı tənqidi araşdırmalarını və şərhlərini "YouTube"da yayımlayırdı və bu videolar təkcə Rusiyada on milyonlarla baxış toplayırdı. Həmçinin, Yuri Dudun "YouTube" kanalına Rusiyada və xaricdə 10 milyondan çox insan abunədir. Onun iti, sürətli tempdə keçən müsahibələri böyük maraq doğurur.
"Mediascope"un bazar araşdırmasına görə, 2024-cü ilin ikinci yarısında Rusiyada 95.9 milyon yeniyetmə və yetkin şəxs ayda ən azı bir dəfə "YouTube" platformasını ziyarət edib.
Lakin bu rəqəm 2025-ci ilin ilk yarısında azalmağa başlayıb, çünki Rusiyanın tənzimləyici orqanları platformanın sürətini yavaşlatmağa başlayıblar.
"YouTube"a potensial rəqib kimi Rusiyanın internet məkanında azı beş videoyayım layihəsi ortaya çıxıb və onlardan biri də "RuNet"dir.
Rusiyanın "Facebook" ekvivalenti olan "VK" tərəfindən yaradılmış "VK Video" baxış sayına görə "YouTube"dan geri qalır, lakin auditoriyasını tədricən artırmaqdadır.
Digər platformalara isə "Qazprom"a məxsus "Rutube", 2022-ci ildə "Yandex"dən ayrılmış "Zen", eləcə də VK-ya məxsus olan və "Facebook"a bənzəyən digər sosial media platforması - "Video OK" daxildir.
F.Ditrixin fikrincə, hazırda "YouTube" üçün ən real alternativ "VK Video"dur. O hesab edir ki, çox güman ki, "VK Video" Rusiyada "YouTube"u tamamilə əvəz edəcək.
"Məncə, yeganə real və böyük alternativ "VK Video"dur. Düşünürəm ki, bu, əsas oyunçudur. Onların pulu var, dövlət dəstəyi var və bu sahəyə tam güclə girəcəklər", - o bildirib. "Onların serverləri, infrastrukturu, yaxşı proqram təminatı və yaxşı mühəndislər var. Əgər ayrılan vəsaitlər korrupsiyaya uğramasa, doğrudan da, lazım olan yerə getsə, "VK" uğur qazanacaq".
Putinin etibarlı adamı Yuri Kovalçukun nəzarətində olan SOGAZ sığorta şirkəti dövlətə məxsus təbii qaz nəhəngi - "Qazprom"un media qolu olan "Qazprom Media"nın əsas səhmdarlarından biridir. "Qazprom Media" da Kremlin rəsmi videoları yayımlamaq üçün tez-tez istifadə etdiyi "Rutube"un sahibidir.
VK-nin icraçı direktorunun atası Kremlin daxili siyasət rəhbəri olan Vladimir Kiriyenkodur. Kovalçukun böyük qardaşı oğlu Stepan da VK-da vitse-prezidentdir və digər fəaliyyətləri ilə yanaşı, "VK Video"nun inkişafına kömək edib.
Ditrix bildirib ki, hazırda "VK Video"nun ən böyük problemi onun auditoriya sayının etibarlılığıdır: "Onun fəallıq göstəricilərinin - kliklər, bəyənmələr, paylaşımlar, baxış müddəti - həqiqi, yoxsa saxta olduğunu ölçməyin real yolu yoxdur".
"Firewall"dakı növbəti kərpic
Rusiya hakimiyyətinin internet üzərində nəzarəti gücləndirmək səyləri 1990-cı illərin sonlarına qədər gedib çıxır. O vaxt yaradılan Operativ Axtarış Fəaliyyətləri Sistemi əslində internet üçün nəzərdə tutulmuş müşahidə vasitəsi idi.
İllər ərzində hakimiyyət orqanları internet şirkətlərinə nəzarəti artıran bir sıra qanunlar qəbul edib və tənzimləyici qurum "Roskomnadzor"un səlahiyyətlərini genişləndiriblər. Aparıcı yerli texnologiya nəhəngləri — "Yandex", VK, Mail.ru, "Wildberries" — Kremlə yaxın mülkiyyətçilərin əlində cəmləşib.
Həmçinin, vətəndaşların hakimiyyətin diqqətini çəkmədən məzmun oxumasına, baxmasına və ya yükləməsinə imkan verən virtual özəl şəbəkələrin (VPN) istifadəsini cinayət sayaraq qadağan ediblər. Qanunvericilər hətta VPN axtarışını cinayət hesab etməyi nəzərdən keçirir.
Prezident Vladimir Putin martda televiziyada yayımlana Kremldəki görüşündə rəsmilərdən "Microsoft" və "Zoom" kimi xarici texnologiya şirkətlərini boğmağı tələb edib. "Sadəcə onları boğmalısınız. Mən tamamilə razıyam", - Putin deyib.
"Məncə, onlar Şimali Koreya modeli yox, Çin modelinə doğru irəliləyirlər", - Ditrix bildirib. "İnsanlar düşünür ki, tam kəsilmə olacaq. Bu isə mümkün deyil. Belə olsa, iqtisadiyyata nüvə zərbəsi olardı".
"YouTube"dan uzaqlaşdırmaqla yanaşı, hakimiyyət orqanları həmçinin "super tətbiq" yaratmağa da çalışırlar. Bu tətbiq rusiyalılara çoxsaylı funksiyalar təqdim edəcək: söhbət etmək, bank əməliyyatları aparmaq, tanış olmaq, taksi çağırmaq, vergi ödəmək, musiqi yükləmək, oyun oynamaq, yemək sifariş etmək, şəkil paylaşmaq.
VK-nın hazırladığı "Max" adlı proqram martda sınaqdan keçirilib. Keçən ay Putin deyib ki, bütün dövlət xidmətləri "Max"a verilməlidir.
"Əsasən hökumət olaraq etməli olduğunuz şey ideyalar tapmaqdır: insanları bu tətbiqdən istifadə etməyə necə məcbur edək, amma buna açıq şəkildə göstəriş vermədən. Bunu üçün də ekosistemi tamamilə əvəzolunmaz etməlisiniz. Bu tətbiq vasitəsilə siz əslində hər şeyi edə bilərsiniz", - Ditrix bildirib.
Hökumət vətəndaşları populyar mesajlaşma tətbiqlərindən də uzaqlaşdırmağa çalışdığını gizlətmir. "Mediascope"nin məlumatına görə, hazırda Rusiyada ən populyar messencerlər "Telegram" və "WhatsApp"dır.
Rusiyanın tanınmış internet fəalı Sarkis Darbinyan "Current Time"a deyib: "Rusiyaları onilliklər ərzində istifadə etdikləri rahat və tanış platformalardan köçməyə məcbur etmək və tamamilə təhlükəli "Max"a etibar etmək çətin işdir".
"Ona görə də, mənə elə gəlir ki, "YouTube"da olduğu kimi, bizi burada da eyni ssenari gözləyir. "VK Video"nun populyarlığının sürətli artımı, Rusiya hakimiyyətinin etiraf etməsə də, "YouTube"u bloklamağa başlaması ilə eyni vaxtda başlayıb", o deyib.
Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel hazırlayıb.