Keçid linkləri

2025, 26 İyul, şənbə, Bakı vaxtı 13:01

Rusiya silah istehsalında NATO-nu keçir?


NATO vs. Rusiya
NATO vs. Rusiya

NATO baş katibi Mark Rutte bu yaxınlarda "The New-York Times"a müsahibəsində deyib ki, Rusiya "indi üç ay ərzində NATO-nun bir il ərzində istehsal etdiyi döyüş sursatının üç qatını istehsal edir".

AzadlıqRadiosu və açıq mənbələrdən məlumat toplayan Münaqişə Kəşfiyyatı Qrupu (CIT) Rusiyanın və Qərbin silah istehsalını təhlil edərək Rusiyanın həqiqətən ABŞ və onun müttəfiqləri üzərində bu qədər böyük istehsal üstünlüyünə malik olub-olmadığını yoxlayıb. Həmçinin tərəflərin hansı silah kateqoriyalarında – artilleriya, sursat, tanklar, təyyarələr, raketlər, dronlar və hava hücumundan müdafiə – bir-biri üzərində üstünlüyünü müəyyən etməyə çalışıblar.

Fakt, yoxsa mübaliğə? NATO ilə Rusiyanın artilleriya mərmisi istehsalının müqayisəsi

İlk dəfə deyil ki, Rutte Rusiyanın NATO-nu artilleriya istehsalında açıq şəkildə geridə qoyduğunu iddia edir. Apreldə o, CBS telekanalına verdiyi müsahibədə deyib ki, Rusiya "NATO-nun bir il ərzində istehsal etdiyindən dörd dəfə artıq döyüş sursatı istehsal edir".

Ukrayna və Qərb rəsmilərinin hesablamalarına görə, Rusiya 2024-cü ildə təxminən 2–2.3 milyon artilleriya mərmisi istehsal edib. Bu göstərici 2022-ci ildəki 1.25 milyon mərmidən artıqdır, çünki Rusiya istehsal gücünü genişləndirməyə sərmayə qoyub.

ABŞ 2025-ci ilin sonuna qədər 155 mm-lik mərmi istehsalını ildə 1.2 milyona çatdırmağı planlaşdırıb, Avropa isə təxminən eyni sayda istehsal edir. Hesablamalara görə, təkcə Almaniyanın "Rheinmetall" şirkəti bu rəqəmi ildə 700 minə çatdırmağı planlaşdırır.

ABŞ-də artilleriya mərmilərinin real istehsal həcmi ayda 40 min ədəd - ildə təxminən yarım milyon mərmi təşkil edir. Bu il ümumilikdə ABŞ və Aİ-də birlikdə təxminən 1.7 milyon mərmi istehsal edilib.

Ruttenin dediyi kimi, Rusiya zavodları hər üç ayda üç dəfə çox istehsal edə bilmək üçün bu il 20.5 milyon mərmi istehsal etməlidir.

CIT-in təhlilinə görə, Rusiyanın Biysk, Kazan və digər regionlarındakı zavodların genişləndirilməsi ona ildə təxminən 4 milyon ədəd 152 mm və 122 mm-lik artilleriya mərmisi istehsal etməyə imkan verə bilər.

Mərmilərə silah lazımdır

Rusiya hələ də istehsal etdiyi mərmiləri atmaq üçün Sovet dövrünə aid artilleriya sistemlərinə çox güvənir. Ölkənin haubitsa ehtiyatları 2022-ci ildə təxminən 12 mindən 2024-cü ilin ortalarında təxminə 6 minə düşüb. CIT analitikləri hesab edir ki, ölkə ildə 100-dən az yeni "Msta-S", "Qiatsint-K" və "Malva" özüyeriyən haubitsa istehsal edir.

Bu sahədə NATO açıq üstünlüyə malikdir. Fransa 2025-ci ildə 144 ədəd CAESAR artilleriya sistemi istehsal etməyi planlaşdırır, Polşa isə "AHS Krab" istehsalını iki dəfə artıraraq ildə 100-ə çatdıracaq. Slovakiyanın da 40 ədəd "Zuzana" haubitsası istehsal edəcəyi gözlənilir. ABŞ isə hər il M777 topları üçün 216 ədəd top lüləsi istehsal edir.

Ağır zirehli texnika

Rusiyanın üstünlüyə sahib ola biləcəyi sahələrdən biri də tanklardır. Artilleriya kimi, onun tank istehsalının böyük hissəsi Sovet tanklarının bərpası və modernləşdirilməsindən ibarətdir. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş Ali Baş Komandanı Kristofer Kavoli hesab edir ki, bu, Rusiya ordusunun 2025-ci ildə qəbul edəcəyi 1500 tankın əsas hissəsini təşkil edəcək.

Bununla belə, Rusiya müasir T-90M əsas döyüş tankının istehsalını "sıfırdan" başlayaraq ildə təxminən 280 ədəd istehsal edir.

Avropanın əksər ölkələri isə, demək olar ki, tank istehsal etmir. Fransa 10 ildən artıqdır ki, "Leclerc" istehsal etməyib, Britaniya isə 2030-cu ilə qədər 148 ədəd yeni "Challenger 3" tankı sifariş edib. Almaniya ildə 50 "Leopard 2A8" istehsal edir.

ABŞ ildə 109 ədəd "M1A2 Abrams" tankı buraxır. Ordu deyir ki, lazım gələrsə, bu rəqəm 420-yə qədər artırıla bilər. Həmçinin 200-ə qədər köhnə model modernləşdirilir.

Hava üstünlüyü

Rusiya daha çox tank istehsal etsə də, döyüş təyyarələrinə gəldikdə ABŞ və Aİ onu ən azı dörd dəfə üstələyir. Rusiya, yeni "Su-57" kimi çoxfunksiyalı təyyarələr və "Tu-160M2" kimi strateji bombardmançılar da daxil olmaqla, ildə təxminən 50-60 ədəd təyyarə istehsal edə bilər. Ancaq sanksiyalara baxmayaraq, ölkə Ukraynanı işğala başlamazdan əvvəl buraxdığı təyyarələrdən daha çoxunu istehsal edir. 2018-ci ildə Rusiya ordusu 36 döyüş təyyarəsi alıb.

Lakin NATO-nun istehsalı qat-qat yüksəkdir. ABŞ istehsalçısı "Lockheed Martin" bu il 170-dən çox "F-35" hücum təyyarəsi təhvil verməyə hazırdır, həmçinin Fransa, İsveç və digər Avropa İttifaqı ölkələri onlarla "Rafale", "Eurofighter Typhoon" və "Gripen" təyyarələrini istehsal edir.

Havadan müdafiə

Rusiya Ukraynaya ard-arda raket zərbələri endirərkən və Ukrayna dronları Rusiyanın dərinliklərini vurduqca, hava hücumundan müdafiə sistemlərinin istehsalı diqqət mərkəzinə gəlib.

"The Military Balance" - qlobal hərbi imkanların illik qiymətləndirilməsinə görə, Rusiyanın 2024-cü ildə 248 ədəd S-400 batareyası var idi və 2025-ci ildə əlavə 18 ədəd əldə edib, bu isə ildə təxminən istehsal gücünün 36 ədəd olduğu deməkdir. "Tor", "Buk" və "Pantsir" kimi digər sistemlərin istehsal həcmi isə dəqiq məlum deyil.

"Raytheon" ildə təxminən 12 ədəd "Patriot" raketdən müdafiə sistemi istehsal edir, Almaniyanın "Diehl" şirkəti isə 2025-ci ildə 8 ədəd "IRIS-T" sistemi və hər il bu sistem üçün təxminən 800-1000 raket istehsal etməyi planlaşdırır. NATO həmçinin Norveç-Amerika birgə istehsalı olan NASAMS sistemini istehsal edir. Bu birgə istehsal olunan sistem "AIM-120 AMRAAM" və ya "AIM-9X" raketlərindən istifadə edə bilir. ABŞ isə ildə bu raketlərin hər birindən, müvafiq olaraq, 1200 və 2500 ədəd istehsal edir.

Məlumat çatışmazlığı səbəbindən hər iki tərəfin nə qədər hava hücumundan müdafiə sistemi və raket istehsal etdiyini dəqiq qiymətləndirmək çətindir. Ancaq həm Ukrayna, həm də Rusiya müntəzəm olaraq primitiv dronların hücumlarına məruz qaldığından mövcud istehsal səviyyələrinin hər iki ölkəni zərbə dronlarından qorumağa kifayət etmədiyi açıq görünür. Ucuz və kütləvi istehsal olunan bu dronlar isə müharibənin yeni, ancaq bundan sonra qalıcı təzahürü kimi qiymətləndirilir.

Dron müharibəsi

Ukrayna bildirir ki, Rusiya hər ay müxtəlif növ təxminən 5 min ədəd uzaqmənzilli dron istehsal edir. Bu isə ildə 60 min dron deməkdir. Bunlara "Qeran-2" zərbə dronu (İranın "Şahed" dronunun Rusiya versiyası) və "Qerbera" dronları daxildir. "Qerbera" aldadıcı drondur, onun hərbi başlığı yoxdur və istifadəsində məqsəd Ukraynanın hava müdafiəsini yormaqdır.

NATO indi bu cür ucuz kamikadze dronlarına bənzər heç nə istehsal etmir, ABŞ isə bunun əvəzinə çox daha baha başa gələn "Reaper" və "Global Hawk" pilotsuz uçuş aparatlarına üstünlük verir.

Ukraynanın HUR kəşfiyyat agentliyinin məlumatına görə, Rusiya ayda 200-dən çox qanadlı və ballistik raket istehsal edir və illik istehsal 2400-3000 raket aralığındadır. ABŞ isə hər il təxminən 700 ədəd JASSM qanadlı raketi və 500 ədəd ATACMS ballistik raketi istehsal edir. Bu isə həm kamikadze dronlar, həm də qanadlı raketlər sahəsində Rusiyaya Qərb ilə müqayisədə üstünlük verir.

CIT analitiklərinin fikrincə, Rusiya ilə NATO arasında müharibə baş verəcəyi təqdirdə, NATO-nun hava hücumundan müdafiə sistemləri dron təhlükəsini zərərsizləşdirmək baxımından daha üstün vəziyyətdə olar, çünki Ukraynanın hava müdafiəsi sistemləri müharibənin əvvəlindən bəri qırıcı təyyarə çatışmazlığından əziyyət çəkir.

Raket istehsalında üstünlüyə malik olsa da, Ukraynanın primitiv dronları ilə mübarizə aparan Rusiyanın hava hücumundan müdafiə sistemi, çox güman ki, ölkənin hava məkanını NATO raketlərindən qorumaqda çətinlik çəkər.

Yazını AzadlıqRadiosunun Rusiya xidmətinin müxbiri Yauhen Lehalau hazırlayıb.

XS
SM
MD
LG