Bu həftə Bakıdan prezident Əliyevin ötürdüyü mesaja Trampın reaksiyasından, həbsdəki jurnalistlərdən danışırıq.
Prezident İlham Əliyevin ötən həftəsonu Xankəndidə 3-cü Şuşa Qlobal Media Forumunda verdiyi mesajlar sırasında prezident Donald Trampın ünvana dedikləri diqqət çəkdi. Əliyev Cənubi Qafqazda gedən proseslərdə Amerikanın fəal iştirak etmək cəhdindən danışdı, Vaşinqtondan çox müsbət mesajların alındığını, Azərbaycandan gedən mesajların da çox müsbət olduğunu dedi: "Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq".
Trampı "müharibələrə başlamamış yeganə ABŞ prezidenti", "hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam" adlandıran Əliyev ona Azərbaycana və Ermənistana razılığa gəlməyə kömək etmək səylərinə görə təşəkkür etdi: "Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun".
Əliyevin bu tərifli sözlərinə reaksiya çox gecikməyib, Tramp çıxışdan həmin hissəni özünün "Truth" sosial şəbəkəsində paylaşıb.
Amma Tramp vəzifəsinin icrasını başlayandan o, yaxud dövlət katibi səviyyəsində belə Bakı ilə telefon əlaqəsi qurulmayıb. Təmaslar senator, Dövlət Departamenti rəsmilərinin səfərləri səviyyəsində gerçəkləşib.
İkitərəfli münasibətlərdə insan haqlarına yer varmı?
D.Tramp prezident seçiləndə ikitərəfli münasibətlərdə Azərbaycanda siyasi məhbus probleminin qaldırılacağına ümidlər vardı. İndiyədək ABŞ rəsmiləri Azərbaycanla əməkdaşlığın üç istiqamətini vurğulayıblar: təhlükəsizlik, enerji və insan haqları. Ancaq Tramp administrasiyası dövründə ABŞ-nin yüksəkvəzifəli rəsmiləri səviyyəsində Azərbaycana insan haqlarının durumu ilə bağlı çağırışlar, demək olar, gözə dəymir.
Elə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də deyir ki, Vaşinqtonun Azərbaycanla təmaslarında daha öncəki administrasiyanın önə çəkdiyi ifadə azadlığı, insan haqları məsələsi çatışmır.
"Bakı mesajın olmamasını "müsbət mesaj" saya bilər", – deyən keçmiş səfir ABŞ-Azərbaycan münasibətlərinin indiki durumunun qeyri-müəyyən olduğunu vurğulayır.
"Prezident Əliyev bir müddət ABŞ-yə hücum edəndən sonra indi də hücumlarını Rusiyaya yönəldib. Bir məqamda yenidən ABŞ-yə hücuma başlasa, təəccüblənmərəm, özəlliklə də ABŞ Konqresi Azərbaycanda insan haqlarının dəhşətli durumunu tənqid etməyə davam edərsə", - R.Kozlariç bildirir.
Bu həftə nüfuzlu konqresmen, Tom Lantos İnsan Hüquqları Komissiyasının həmsədri olan Kris Smit iqtisadçı-professor Qubad İbadoğluya azadlıq çağırışı səsləndirib. Aprelin sonunda həmin komissiyada keçirilən dinləmələrdə "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsinin hazırlandığı açıqlanmışdı.
Azərbaycan hakimiyyətinin hazırda topa tutduğu Bayden administrasiyası xüsusilə gedərayaq insan haqlarına dair tənqidlərini intensivləşdirdi, Bakıdakı səfirlik hətta hakimiyyət mediasının tənqidlərini sosial şəbəkədə cavablandırdı. Keçmiş dövlət katibi Antoni Blinken "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızını "Antikorrupsiya çempionu" elan etdi, həbsdə olan Rüfət Səfərova İnsan Hüquqları Müdafiəçisi mükafatı verildi.
Əliyevin və Trampın niyyətləri
Keçmiş səfir R.Kozlariç bir ehtimalını da bölüşür. Onun fikrincə, Nobel Sülh Mükafatı almaq istəyən prezident Tramp Azərbaycanla Ermənistan arasında sülhün onun adına yazılmasını istərdi: "Prezident Əliyev də prezident Trampın özünəvurğunluq damarına basaraq Ağ evə rəsmi səfər üçün dəvət alacağına ümid edir. O da mümkündür ki, Trampın məqsədi Ermənistan və Azərbaycan liderlərini Vaşinqtona dəvət etmək, sülh sazişinin və "Zəngəzur dəhlizi" ilə bağlı ABŞ özəl sektoru üçün razılaşmaların imzalanmasına nail olmaqdır".
ABŞ Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək, Ermənistanın Sünik bölgəsindən keçən marşrutu onun idarəçiliyinə verilməsini təklif edib. Bu layihə Vaşinqton üçün Moskvanın Bakı və Yerevanla münasibətlərinin kəskinləşdiyi, Rusiyanın təsirinin zəiflədiyi bir vaxtda regionda güc boşluğundan faydalanmaq cəhdi da sayıla bilər.
Bu arada Moskva ilə Bakının münasibətlərinin çətin dövrə daxil olduğunu Kreml də təsdiqləyir. Bəs, Azərbaycanın Rusiyadan üz çevirərək Qərbə yönlənməsi realdırmı? Bu məsələdə keçmiş diplomatların fikri haçalanır, Azərbaycanın strateji məqsədinin böyük oyunçuların marağında olmasını xarici siyasət uğuru adlandıran da var, məqsədin Əliyev hakimiyyətinin toxunulmazlığını qorumaq olduğunu deyən də.
Jurnalistlər içəridə də təzyiq altında
İndiliksə məhz hakimiyyəti tənqid etdiyinə, yüksək səviyyədə korrupsiyanı ifşa etdiyinə görə cəzalandırıldıqlarını deyən jurnalistlər həbsdə də təzyiqləri ictimailəşdirirlər. "AbzasMedia" nəşrinin həbsdə olan jurnalistləri keçirdikləri aclıq aksiyasına görə Bakı İstintaq Təcridxanasında qeyri-insani münasibətlə üzləşdikləri bildirirlər. Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova nəşrin direktoru Ülvi Həsənliyə dəstək olaraq onun keçirdiyi aclıq aksiyasına qoşulublar. Ü.Həsənli Umbakıdakı Penitensiar Kompleksdən Bakı İstintaq Təcridxanasına köçürülməməsinə etiraz edir.
Bu həftə Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Anar Abdullanın həbsindən verilən şikayəti təmin etməyib. O, iyulun 11-də xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaqda təqsirli bilinərək inzibati qaydada 30 sutka həbs edilib. Özü isə məhkəməsində heç bir inzibati xəta törətmədiyini deyib. A.Abdulla həbsindən öncə polis nəzarətində idi, qaçaqmalçılıq daxil olmaqla səkkiz maliyyə cinayəti əməlində ittiham olunur.
"ToplumTV işi" üzrə məhkəmədə isə internet televiziyasının qurucusu Ələsgər Məmmədli ilə jurnalist Fərid İsmayılovun ev dustaqlığına buraxılmasından ötrü yenidən vəsatətlər qaldırılsa da, təmin olunmayıb. Xəstəliklərindən danışan Ə.Məmmədli deyib ki, həbsdə olduğu müddətin 72 saatını "voronok"da (dustaq daşıyan avtomobildə) keçirib.