Keçid linkləri

2025, 26 İyul, şənbə, Bakı vaxtı 13:00

Çinin Rusiyanı dəstəkləməsini gizlətməsi çətinləşir...


Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin mayda Moskvada Kremldə görüşəcəklər.
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin mayda Moskvada Kremldə görüşəcəklər.

Bu ay Ukraynada iki Çin vətəndaşının casusluq ittihamı ilə həbs edilməsi Pekinə qarşı Kiyevin mövqeyindəki dəyişikliyin göstəricisidir. Rusiyanın müharibəsinə Çinin verdiyi dəstəyi görməzdən gəlmək getdikcə çətinləşir.

Ukrayna kəşfiyyat xidməti iyulun 9-da bildirib ki, 24 yaşlı Çin vətəndaşı - iki il əvvəl Ukraynada texniki məktəbdən qovulmuş şəxs - müdafiə sənayesində çalışan bir işçi ilə dostluq quraraq "Neptun" raket proqramına dair məxfi məlumatları əldə etməyə cəhd göstərib. Hakimiyyət orqanlarının sözlərinə görə, o, bu məlumatları Çin kəşfiyyatına ötürmək məqsədilə atası vasitəsilə göndərmək niyyətində olub. Ancaq onun atası da həbs edilib.

Bu həbslər prezident Volodimir Zelenskinin Çinin beş şirkətinə sanksiya tətbiq etməsindən cəmi bir gün sonra baş verib. Həmin şirkətlər Rusiyanın müharibə səylərinə yardım etməkdə ittiham olunur. Bu, Ukraynanın Çinlə bağlı nadir hallarda atdığı açıq və birbaşa addımlardandır.

Rusiyanın genişmiqyaslı işğal müharibəsinin başlanğıcından etibarən Pekin neytrallıq iddiası ilə çıxış edib, ancaq Moskvanın əsas maliyyə dayağı olan Rusiya nefti və qazını almağa davam edib və Rusiya ordusuna ikili təyinatlı texnologiyalar tədarük edib.

Kiyev də, bir çox Qərb ölkəsi kimi, Çin rəhbərliyinin Rusiya prezidenti Vladimir Putinə təsir göstərərək onu sülhə sövq edəcəyinə ümid edirdi. Ancaq bu ümid getdikcə yoxa çıxır.

Çin əvvəllər Rusiyaya yalnız mikrosxem kimi komponentlər verməklə kifayətlənirdi, lakin indi artıq bütöv sistemlər göndərir. Mayda rusiyapərəst "Teleqram" kanalları iddia edib ki, Moskva Ukrayna dronlarını vurmaq üçün Çin istehsalı olan yeni lazer silahından istifadə edir.

Bu həftə isə Ukraynanın hərbi kəşfiyyat xidməti bildirib ki, Moskva indi müharibədə Rusiyada yığılan, lakin tamamilə Çin istehsalı hissələrdən ibarət olan saxta (aldadıcı) dronlardan da istifadə edir.

Pekin həmçinin Ukraynanın işğal olunmuş ərazilərindən gələn rəsmiləri ticarət sərgilərində qarşılayır, Çin şirkətləri isə həmin ərazilərdə fəaliyyət göstərən Rusiya şirkətlərinə ağır texnika satır.

Moskvanın mərkəzindəki suvenir dükanında Vladimir Putinin şəklinin qarşısında üzərində Çin lideri Si Cinpinin portreti olan rus matryoşkası.
Moskvanın mərkəzindəki suvenir dükanında Vladimir Putinin şəklinin qarşısında üzərində Çin lideri Si Cinpinin portreti olan rus matryoşkası.

Kiyevdən Çinə siqnal

Pekinin davranışındakı bu dəyişikliklər Çinin artıq neytral olduğunu iddia etmədiyinə dair xəbərlər fonunda baş verir.

Avropa İttifaqı (Aİ) rəsmiləri AzadlıqRadiosuna bildirib ki, Çinin xarici işlər naziri Van İ iyulun 3-də Brüsseldə keçirilən görüşdə blokun baş diplomatı Kaya Kallasa deyib ki, Pekin Rusiyanın müharibədə uduzmasını istəmir. Pekin bunun ABŞ-nin diqqətini birbaşa Çinə yönəltməsinə imkan verəcəyindən ehtiyatlanır. Avropalı rəsmilərin dediyinə görə, çinli nazir ölkəsinin bu müharibəni dəstəklədiyini inkar edib, lakin onun fikirləri sübut edib ki, Pekin artıq əvvəlki qeyri-müəyyənliyindən uzaqlaşıb.

İyulun 25-də keçirilən Aİ–Çin sammitində Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Çin lideri Si Cinpinə deyib ki, Brüssel və Pekin arasındakı münasibətlər "dönüş nöqtəsindədir". O, eyni zamanda, üstüörtülü şəkildə xəbərdarlıq edib ki, Çinin Moskva ilə münasibətləri bu əlaqələrin gələcək inkişafında "həlledici amil" olacaq.

Ukraynanın son addımları - casusluq həbslərindən tutmuş, korporativ sanksiyalara qədər - Kiyevin də öz mövqeyini tənzimlədiyini göstərir.

"Düşünürəm ki, Kiyevin Çinlə bağlı mövqeyində müəyyən təkamül olub", - Ukrayna parlamentinin xarici əlaqələr komitəsinin sədri Oleksandr Merejko bildirib: "Əvvəldə bir ümid var idi ki, Çin sülh prosesinə cəlb oluna bilər. Amma indi biz daha realist olmuşuq və daha açıq danışırıq: Çin Rusiyanı dəstəkləyir".

Pekin ötən il İsveçrədə 100-dən çox dövlət və təşkilatın nümayəndələrinin iştirak etdiyi Ukrayna sülh sammitində iştirakla bağlı dəvətdən imtina edib.

Hələ ötən ilin dekabrında Zelenski Pekinin Ukraynadakı yeni nümayəndəsini qəbul edərkən Çinlə müharibədən əvvəlki ticarət səviyyəsini bərpa etməyə və bu ölkə ilə əlaqələri dərinləşdirməyə ümid etdiyini bildirmişdi.

Lakin Çinin Ukraynaya dron hissələrinin ixracını dayandırmasından sonra bu optimist ton iyuna qədər dəyişib. Ekspertlər deyir ki, prezident Zelenski Sinqapura səfəri zamanı müharibə başlayandan bəri ilk dəfə açıq şəkildə Pekini tənqid edib.

İyulda Romada keçirilən Ukraynanın Bərpası Konfransında prezident Zelenski xəbərdarlıq edib ki, Rusiyanı dəstəkləyən ölkələr müharibədən sonrakı bərpa prosesindən kənarda qalacaqlar. Bu mesaj həm də Çinə yönəlmiş bir siqnal kimi qiymətləndirilib.

Tərəflər bir-birindən uzaqlaşır

İyunda imzalanan ABŞ–Ukrayna razılaşması - strateji əhəmiyyətli minerallar üzrə investisiya sahəsində əməkdaşlıq sənədi - Rusiyanı dəstəkləyən ölkələrin bu prosesdən kənarlaşdırılmasını da ehtiva edir. Bu da Kiyev və Pekin arasında məsafənin artdığını göstərir.

Bununla belə, Ukrayna ehtiyatla davranmağa davam edir.

Çin hələ də Ukraynanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bu ölkə Ukraynaya Polşa və Almaniyanın birlikdə ixrac etdiyindən daha çox məhsul ixrac edir. Bu ticarət əlaqələrinin pozulması isə Ukraynanın onsuz da müharibənin ciddi zərər vurduğu iqtisadiyyatına əlavə zərbə vura bilər.

Ancaq Kiyevdə bəziləri münasibətlərdəki bu soyuqlaşmanın müəyyən üstünlüklərinin olduğunu deyir.

Ukrayna Sinoloqlar Assosiasiyasının idarə heyətinin üzvü Vita Xolod AzadlıqRadiosuna deyib ki, "Kiyevin Çinə qarşı tənqidi Pekinlə qarşıdurmada ABŞ ilə eyni xətdə olacaq".

Hələlik Ukrayna əlaqələri kəsmir, lakin Kiyevdə Çinin neytrallığı ilə bağlı illüziya yoxa çıxıb.

Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Todd Prins və radionun Ukrayna xidməti hazırlayıb.

XS
SM
MD
LG