Keçid linkləri

2025, 26 İyul, şənbə, Bakı vaxtı 11:21

Estetik cərrahlarla bağlı problemi gündəmə gətirən jurnalistin cəzalandırılması tələb edilir


Bakıda estetik əməliyyatlar - döş gözəlləşdirilməsi hər şeydən bahadır
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Bakıda estetik əməliyyatlar - döş gözəlləşdirilməsi hər şeydən bahadır (Arxiv. 2016)

ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın cinayət məsuliyyətinə cəlb edilməsi istənir. Bakıdakı məhkəmədə onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırılıb.

Azərbaycanda lisenziyasız klinikalar, ali tibb təhsili olmayan estetik cərrahlarla bağlı problemi gündəmə gətirən jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsiylə cəzalandırılması tələb olunur. Şikayətçi isə sosial şəbəkələrdə "həkim Gül Əliyeva" kimi tanınan, Gəncədəki "VMR" Estetik Klinikada fəaliyyət göstərən Gülsüm Əliyevadır.

AzadlıqRadiosunun bilgisinə görə, paytaxtın Səbail rayon Məhkəməsində bir neçə dəfə hazırlıq iclası keçirilib. Q.Ataşovanın vəkili iddianın əsassız olduğunu vurğulayıb və icraata götürülüb baxılmasına etiraz edib. Qarşı tərəfsə, əksinə, şikayətə baxılmasında və jurnalist cəzalandırılmasında israr edib.

G.Əliyeva klinikada ötən ilin sentyabrında liposaksiya (qarın nahiyəsindəki piy kütləsinin qismən sovrulması və bədənin başqa hissəsinin köçürülməsi) əməliyyatından bir həftə sonra yaşamını itirən Gülbəniz Bayramovanın ölümündə suçlanmasına görə məhkəmədə iddia qaldırıb.

"Qanunsuz cərrahiyyə əməliyyatı aparmasına diqqət çəkmişdim"

"Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva Gəncədə Gülbəniz adlı gənc bir qıza cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə "VMR" klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim", - Q.Ataşova sosial media hesabında belə yazıb.

Estetik Klinika olan "VMR" Gəncə ilə yanaşı, Bakıda da fəaliyyət göstərir. Rəhbəri isə G.Əliyevanın həyat yoldaşı Vüsal Həsənovdur. AzadlıqRadiosunun bilgisinə görə, o da jurnalistə qarşı ayrıca iddia qaldırıb. Nəsimi rayon Məhkəməsinə təqdim olunmuş iddiada V.Həsənov jurnalistdən 20 min manat təzminat tələb edir.

Bu məhkəmə prosesində Q.Ataşova da eyni maddi tələblə ona qarşılıqlı iddia verib. Jurnalist bildirir ki, yaydığı ifşaedici materiallardan sonra həm özü, həm də övladları təhqir olunub, ölümlə hədələnib. O bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi həkimlərin nazirlikdəki reyestri bazasında G.Əliyevanın adının həkim kimi qeydiyyatda olmadığını açıqlayıb. "VMR" klinikasının lisenziyasız fəaliyyət göstərdiyi və buna görə cərimələndiyi də vurğulanıb.

G.Bayramovanın ölümü ilə əlaqədar Gəncə şəhər Prokurorluğunda araşdırma aparılıb və sonda cinayət işi başlanması tələbi rədd edilib. Onun ailə üzvləri də şikayətçi olmayıblar.

"VMR" Estetik Klinikasının rəhbəri V.Həsənov bir neçə ay öncə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Sara Rəhmanova ilə qalmaqalla da gündəmə gəlmişdi. S.Rəhmanova çalışdığı Müasir Psixologiya Mərkəzində V.Həsənov tərəfindən təhqirlərə məruz qaldığını bildirmişdi.

V.Həsənov ünvanına səslənən ittihamları yalanlayaraq digər şirkətinə birləşdirdiyi və artıq sahibi olduğu Müasir Psixologiya Mərkəzinin işçisi S.Rəhmanovanı özünə sayqısızlıqda suçlamışdı.

Xatırlatma

V.Həsənovun adı hələ 2007-ci ildə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbs olunduğu cinayət işində də keçirdi. O zaman V.Həsənov iddia etmişdi ki, baş redaktor "Azərbaycan" Nəşriyyatının pilləkənlərində onu döyüb. Bundan sonra Q.Zahid həbs olunmuşdu.

Cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunan jurnalist Q.Ataşova isə 10 ildən çoxdur ABŞ-də yaşayır. Onun özü də, övladları da artıq ABŞ vətəndaşıdır.

XS
SM
MD
LG