ABŞ Konqresinin təxminən 90 üzvü Donald Tramp administrasiyasını ermənilərin Qarabağa təhlükəsiz qayıdışını təmin etməyə çağırır. Dövlət katibi Marko Rubioya məktubda Demokratlar və Respublikaçılar partiyalarından 87 konqresmen yazır ki, Qarabağ sakinlərinin qayıdışı beynəlxalq hüquqa və regionda ədalətli, davamlı sülhün bərqərar olunmasına uyğundur.
"Ermənistanla Azərbaycan arasında sülh uğrunda çalışdığınız bir vaxtda sizi münaqişənin bütün tərəflərini zorla köçürülmüş ermənilərin doğma yurdlarına, Dağlıq Qarabağa kollektiv, təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunmasına cəlb etməyə çağırırıq. Bu addım birbaşa beynəlxalq hüquqa və regionda ədalətli və davamlı sülhə uyğundur", –konqresmenlər yazırlar.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda senatorlarla görüşdə bildirib ki, sülh sazişi olduqca yaxındadır, amma detalları açıqlamayıb.
AzadlıqRadiosunun erməni xidməti indiki ABŞ administrasiyasının Qarabağ sakinlərinin qayıdışının açıq şəkildə gündəmə gətirmədiyini yazır. Martda isə Trampın milli təhlükəsizlik üzrə müşaviri sülhün qurulmasından, erməni hərbi əsirlərin azad olunmasının vacibliyindən danışıb.
Konqresmenlər məktublarında Qarabağ ermənilərinin qayıdışı ilə bağlı beynəlxalq danışıqlar platformasının yaradılmasının vacibliyini vurğulayıblar.
Vaxtilə Qarabağdakı separatçı rejimin ombudsmanı olmuş Qeğam Stepanyan "Azatutyun"a deyib ki, konqresmenlərin məktubu ermənilərin müxtəlif təşkilatlarının, Amerika Erməni Milli Komitəsinin (ANCA) fəal iştirakı sayəsində gerçəkləşib.
Rubioya məktubun təşəbbüskarları ABŞ Nümayəndələr Palatasının Ermənistan məsələləri üzrə komitəsinin həmsədrləri — Frenk Pellon, Qas Bilirakis, Bred Şerman və Devid Valadaodur.
Ağ ev, hələlik, konqresmenlərin çağırışına cavab verməyib.
Amma Bakıdan məktuba dərhal reaksiya verilib.
"Sülh prosesini əngəlləmək cəhdidir"
Bir qrup QHT ABŞ dövlət katibi M.Rubioya müraciətində ABŞ konqresmenlərinin məktubunun Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurduğunu yazıb, "bu cür birtərəfli" yanaşmaları rədd edib. Onların fikrincə, "Bayden-Blinken dövrünün ermənipərəst simaları faktiki olaraq ABŞ prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar": "Bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüş keçiriblər. Artıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətnini razılaşdırdığı bildirilir. Sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmeninin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar".
QHT-lər sözügedən konqresmenləri Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu da tanımağa çağırıb.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. 2023-cü ildə birgünlük əməliyyatla isə Qarabağ üzərində suverenlik tam bərpa olunub. Bundan sonra Qarabağdan ermənilərin köçü başlayıb. Yerevan bunu "etnik təmizləmə" adlandırsa da, Bakı iddiaları rədd edib.
Rəsmi Bakı ermənilərin Qarabağdan zorla köçürülmədiyini, onlara reinteqrasiya planı təklif olunduğunu bildirir.
Azərbaycan vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların doğma torpaqlarını qayıdışını tələb edir.